Növbəti səyyar görüş Balakən şəhərində keçirilib
Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev sentyabrın 22-də Balakən şəhərində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və şəhər sakinləri iştirak ediblər.
Əvvəlcə Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində törətdiyi genişmiqyaslı təxribat nəticəsində gedən döyüşlərdə həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Ermənistan tərəfinin hərbi təxribatlarının qarşısının Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alındığını diqqətə çatdırıb.
Həmçinin rayon rəhbəri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan quruculuq-abadlıq işləri, həyata keçirilən sosialyönümlü islahatlar, iqtisadi sahədə əldə olunan uğurlar barədə məlumat verib.
Sonra şəhər sakinlərinin müraciətləri dinlənilib. Şəhər sakinləri Səhrəddin Əliyev küçələrdə səkilərin kənarlarına əlavə olaraq zibil qutularının yerləşdirilməsinə, Şamil Əliyev Füzuli küçəsi ilə Zərifə Əliyeva küçəsinin kəsişməsində yerləşən qəbiristanlığın təmizlənməsinə, Qurban Əlimərdanov H.Z.Tağıyev küçəsində, Məhəmməd Emçiyev isə Aydın Məmmədov küçəsində asfalt örtüyünün təmir olunmasına köməklik göstərilməsini xahiş ediblər.
Vətəndaşların müraciətləri nəzarətə götürülüb. Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib, bəzi müraciətlər aidiyyəti orqanlara göndərilməsi üçün qeydiyyata alınıb.