Növbəti səyyar görüş İtitala kəndində keçirilib
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev 23 iyun 2022-ci il tarixdə İtitala kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Səyyar görüşdə çıxış edən İslam Rzayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi və siyasi sahədə əldə etdiyi nailiyyətlərdən və bu istiamətlərdə həyata keçirilən işlərdən bəhs edib.
Sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Kənd sakinləri taxıl sahəsini biçmək üçün kombayn verilməsinə, nasaz elektrik təsərrüfatının yenilənməsinə, internetin sürətinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin görülməsinə və Katex çayının İtitala kəndi ərazisindən keçən hissəsində torpaq bəndin qurulmasına köməklik göstərilməsini xahiş ediblər.
İcra başçısı sosial məsələlərlə bağlı vətəndaşlar tərəfindən qaldırılan müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün qəbulda iştirak edən məsul işçilərə müvafiq tapşırıqlar verib. Araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.