Növbəti səyyar görüş Qaysa kəndində keçirilib
19 yanvar 2024 | 12:35
Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev yanvarın 18-də Qaysa kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev səyyar qəbulda çıxış edərək ötən 2023-cü il ərzində ölkəmizin həyatında baş vermiş önəmli hadisələrdən bəhs edib, sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açıb, rayonda görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Bəşir Burcaliyev kəndin “Basrabqırma oba” adlanan ərazisindəki ara yolların təmir edilməsinə, Gülavər Tuhumova ev tikməsi və mal-qara baxması üçün torpaq sahəsinin verilməsinə, Ramazan Umudov kəndin “Labluq oba” adlanan ərazisindəki 50 metr uzunluğunda asfalt yolun təmir olunmasına, Şaban Herayev kəndin “Laqu oba” adlanan ərazisindəki qəzalı elektrik dayaqlarının yenisi ilə əvəz olunmasına, Şirin Oynağanov isə “Basrabqırma oba” adlanan ərazidəki kanalın təmizlənməsinə köməklik göstərilməsini xahiş ediblər.
Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.