Növbəti səyyar görüş Qazma kəndində keçirilib
Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və yerlərdə vətəndaşların mövcud problemlərini öyrənib həllini sürətləndirmək məqsədilə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev 26 may 2022-ci il tarixdə Qazma kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Səyyar görüşdə çıxış edən İslam Rzayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi və siyasi sahədə əldə etdiyi nailiyyətlərdən və bu istiamətlərdə həyata keçirilən işlərdən bəhs edib. Ölkəmizdə, o cümlədən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Balakəndə aparılan abadlıq və quruculuq işləri haqqında kənd sakinlərinə məlumat verib.
Sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Kənd sakinləri Qazma kənd 1 saylı tam orta məktəbin binasının təmir olunmasına, Öküzovtala yaşayış məntəqəsində 1 ədəd artezian quyusunun qazılmasına, Bedağar kənd tam orta məktəbinin tikintisinə, kəndin “Qızlartala obası” adlanan ərazisində yolun hamarlanmasına və elektrik xətlərinin yenilənməsinə köməklik göstərilməsini xahiş ediblər.
İcra başçısı sosial məsələlərlə bağlı vətəndaşlar tərəfindən qaldırılan müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün qəbulda iştirak edən məsul işçilərə müvafiq tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.