Növbəti səyyar görüş Şərif kəndində keçirilib
Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev oktyabrın 6-da Şərif kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və şəhər sakinləri iştirak ediblər.
Tədbirdə çıxış edən rayon rəhbəri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan quruculuq-abadlıq işləri, həyata keçirilən sosialyönümlü islahatlar, iqtisadi sahədə əldə olunan uğurlar barədə məlumat verib.
Sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Kənd sakinləri Abdulqədir Xutrayev körpüyə çatmamış yolda nəqliyyat vasitələrinin təhlükəsiz və nizamlı hərəkətini təmin etmək məqsədilə “Təhlükəli döngə” yol nişanının quraşdırılmasına, Şəmsəddin Tuhumov məktəbin qarşısındakı yola piyada zolağının çəkilməsinə, “Bağman bulaq” adlanan ərazidə transformatorun quraşdırılmasına, Şamil Herdayev kənd ərazisində yerləşən körpünün təmirinə, Məhəmməd Mustafayev “Məlik oba” adlanan əraziyə gedən 2 km uzunluğunda yolun təmir olunmasına, Ceyhun Tinayev “Xutra Paşa” adlanan ərazidə elektrik verilişi xətlərinə maneəçilik törədən ağacların budanmasına, Qurbanmahama Kahayev maddi yardım verilməsinə köməklik göstərilməsini xahiş ediblər.
Vətəndaşların müraciətləri nəzarətə götürülüb. Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib, bəzi müraciətlər aidiyyəti orqanlara göndərilməsi üçün qeydiyyata alınıb.