Növbəti səyyar qəbul Balakən rayonunun Püştətala kəndində keçirilib
Noyabrın 22-də Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Püştətala kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) haqqında məlumat verib. COP29-un ölkəmizdə keçirilməsinin əhəmiyyətini qeyd edib. Ölkəmizdə sosial-iqtisadi sahədə son dövrlərdə əldə olunmuş uğurları qeyd edib, ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Azər Məmmədov Qaravali yaşayış məntəqəsində Poçt şöbəsinin fəaliyyətinin bərpa olunmasına, Fərhad Gondolov Qamıştala yaşayış məntəqəsində qəzalı elektrik dayaqlarının yenisi ilə əvəzlənməsinə, Qurban Sofiyev subartezian quyusunun qazılmasına, Sədulla Şirinov isə kənd ərazindəki suötürücü kanalların təmizlənməsinə köməklik göstərilməsini xahiş ediblər.
Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.