Növbəti səyyar qəbul Balakən şəhərində keçirilib
Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev yanvarın 19-da Balakən şəhərində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və şəhər sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ötən il ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunmuş uğurlardan, ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılması ilə bağlı aparılan islahatlardan danışıb, Balakən rayonunda görülmüş işlərdən söz açıb, qarşıda duran vəzifələr barədə məlumat verib.
Səyyar qəbulda Şəhər İƏD üzrə nümayəndənin və bələdiyyənin 2022-ci ildə gördüyü işlərə dair hesabatı dinlənilib.
Sonra şəhır sakinlərinin müraciətlərinə baxılıb. Nəcibə Layıcova, Məhərrəm Həsənov, Asif Osmanov şəhərin Ziya Bünyadov, Dağlıq, Füzuli, Əlixan Əfəndiyev küçələrinin işıqlandırılmasına, Həybullah Uluxanov Əli Ansuxski küçəsində sel-sularının ötürülməsi məqsədilə beton arxların salınmasına, Fuad Mikayılov isə Akademik Zərifə Əliyeva küçəsində su arxlarının betona salınmasına köməklik göstərilməsini xahiş ediblər.
Vətəndaşların müraciətləri nəzarətə götürülüb. Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.