Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul Püştətala kəndində keçirilib

18 aprel 2024 | 17:47
  Aprelin 18-də Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Püştətala kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
  Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev səyyar qəbulda çıxış edərək ölkəmizin qarşısında duran prioritet vəzifələrdən söz açıb, iqlim dəyişikliyi ilə bağlı dünyada böyük narahatlıq olduğunu, ölkəmizdə su ehtiyatlarından səmərəli şəkildə istifadə olunmasının vacibliyini bildirib, bu səbəbli növbəti illərdə içməli su və suvarma layihələrinin həyata  keçirilməsinin hökumətin qarşısında duran əsas vəzifələrdən biri olduğunu diqqətə çatdırıb.
  Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Azər Məmmədov Katex çayın kəndin ərazisindən keçən hissəsində 350-400 m uzunluğunda beton-bəndin qurulmasına, Nəcibə Həsənova Pirqaxbinə yaşayış məntəqəsində artezian  quyusunun üzərinə çən qoyulmaqla su şəbəkəsinin qurulmasına və yolun asfaltlanmasına, Həcimət Ovçiyeva pay torpaqlarına gedən yolun qum-çınqıl tökülərək hamarlanmasına, Şaban Umrayev isə pay torpaqlarına gedən yoldakı ağacların iri texnikaların gediş-gəlişinə mane olmasını nəzərə alaraq həmin ağacların budanmasına köməklik göstərilməsini xahiş ediblər.
  Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı  aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
  Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Keçidlər