Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul Şərif kəndində keçirilib

14 aprel 2023 | 09:29

  Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev aprelin 14-də Şərif kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.

  Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlərdən, son dövrlər ictimai-siyasi sahədə baş vermiş mühüm hadisələrdən  danışıb, Prezident cənab İlham Əliyevin Qazaxıstan Respublikasına rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatdan, Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimində çıxışından bəzi fikirləri görüş iştirakçılarının diqqətinə çatdırıb.

  Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Şəhid atası Şəmsəddin Tuhumov kəndin 120 nəfər sakininin yaşadığı “Bağman bulaq  oba” adlanan ərazisində elektrik xətlərin bərpası və dirəklərin dəyişdirilməsinə, Bəşir Nooyev qəbirstanlıqların təmizlənməsinə, Ramazan Süleymanov “Nooyevlər oba” adlanan ərazidən “Bağman bulaq oba” adlanan əraziyə qədər 240 nəfərdən çox sakinin istifadəsində olan 1500 m uzunluqda yolun qum və çınqıl tökülərək təmir olunmasına, Mais Mehdiyev əkin sahələrində suvarılma üçün istifadə olunan 1000 metr məsafədə kanal və arxların təmizlənməsinə, Şirin Tayıbov artezian quyusunun qazılmasına köməklik göstərilməsini xahiş ediblər.

  Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı  aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.

  Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər