Novruzun gəlişi Balakəndə təntənəli şəkildə qeyd olunub
Xalqımızın ən əziz bayram olan Novruzun gəlişi münasibətilə martın 16-da Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təntənəli bayram tədbiri təşkil olunub. Ümumrayon şənliyində Balakən Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin kollektivləri, mədəniyyət işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər.
Dədə Qorqud və Bahar qızı mərasim iştirakçılarını salamlayıb, onlara xoş arzularını çatdırıb. Rayon gəncləri tonqalın ətrafında dövrə vurub yallı gediblər. İdmançıların çıxışları marağa səbəb olub. İştirakçılar xalqımızın əsrlər boyu qoruyub saxladığı milli-mənəvi dəyərləri ifadə edən səhnələrə, milli mətbəximizin, xalq yaradıcılığının gözəl nümunələrinə tamaşa ediblər. Tarix-diyarşünaslıq muzeyinin eksponatları, qədim məişət əşyaları, rəsm və digər sərgilər nümayiş etdirilib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev bayram münasibətilə bütün balakənliləri təbrik edib, Novruzun müstəqillik dövründə daha coşqu və təmtəraqla qeyd olunduğunu diqqətə çatdırıb. Milli adət-ənənələrimizin özümüzə qaytarılmasında, milli bayramlarımızın dövlət səviyyəsində qeyd edilərək ümumxalq bayramı səviyyəsinə qaldırılmasında ümummilli lider Heydər Əliyevin, onun siyasi varisi Prezident İlham Əliyevin böyük xidmətlərinin olduğunu vurğulayıb. Rayon rəhbəri bildirib ki, son üç ildə isə Novruz bayramının qeyd edilməsi xüsusi məna daşıyır. Artıq bu bayram şənliyi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş torpaqlarımızda da keçirilir.
Sonra rayon mədəniyyət işçilərinin ifasında bir-birini əvəz edən rəngarəng musiqi nömrələri, balacaların rəqsləri, ədəbi-bədii səhnəciklər iştirakçılarda unudulmaz təəssürat yaradıb.