Şriftin ölçüsü :

Saytın rəngi :

Partlayış təhlükəsinə qarşı maarifləndirici tədbir keçirilib

23 may 2022 | 16:46

   Balakən rayonunda “Təhsil müəssisələrinin müəllim-şagird (tələbə) heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi barədə metodiki tövsiyələr” haqqında təhsil nazirinin əmrinin icrası ilə bağlı rayon ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin direktorları və hərbi rəhbərlərin, həmçinin Qarabağ müharibəsi qazilərinin iştirakı ilə maarifləndirici tədbir keçirilib.

   Təhsil Nazirliyi və Fövqəladə Hallar  Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Təhsil Nazirliyinin əməkdaşı Rövşən Ağayev,  Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Ələkbər Ələkbərov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Balakən rayonu üzrə təhsil sektorunun əməkdaşları, məktəb direktorları, hərbi rəhbərlər, Qarabağ müharibəsi qaziləri iştirak ediblər.

   Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra tədbiri giriş sözü ilə açan Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Balakən rayonu üzrə təhsil sektorunun müdiri Elçin Musayev qonaqları təqdim edərək tədbirin əhəmiyyətindən söz açıb.

   Maarifləndirici tədbirdə çıxış edən Təhsil Nazirliyinin nümayəndəsi Rövşən Ağayev müharibədən sonrakı dövrdə baş verən faciəvi hadisələrə diqqət çəkərək mövzunun aktuallığını xüsusi olaraq vurğulayıb və müvafiq tapşırıqlar verib.

   Daha sonra çıxış edən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Ələkbər Ələkbərov təhlükəli ərazilər, minalar barədə ətraflı məlumat verib və sualları cavablandırıb.

   İclasda qeyd olunub ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd məktəbliləri mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə barədə məlumatlandırmaq, rəsmi və qeyri-rəsmi xəbərdaredici mina nişanları, təhlükəli ərazinin olduğunu bildirən əlamətlər, bələd olunmayan yerlərdə xüsusi davranış və minalardan qorunma qaydalarına əməl etmək, mina ilə bağlı bədbəxt hadisələrin qarşısının alınması üçün bilik və vərdişləri uşaq və gənclərə aşılamaqdan ibarətdir.

   Sonda iştirakçılara mövzu ilə bağlı bukletlər paylanılıb.

Keçidlər