Püştətala kəndində səyyar qəbul keçirilib
Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev fevralın 23-də Püştətala kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək 59-cu Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasına səfər etmiş Prezident cənab İlham Əliyevin çıxış və müsahibələrindən bəzi fikirləri iclas iştirakçılarının nəzərinə çatdırıb, ötən il ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunmuş uğurlardan, ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılması ilə bağlı aparılan islahatlardan bəhs edib. Balakən rayonunda görülmüş işlərdən söz açıb, qarşıda duran vəzifələr barədə məlumat verib. Püştətala KİƏD üzrə nümayəndənin və bələdiyyənin hesabatları dinlənilib.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Nəsrəddin Veliyev Qaravəli yaşayış məntəqəsində yol kənarlarının kol-kosdan təmizlənməsinə, Rəcəb Mollaçıyev sel təhlükəsi yaratdığı üçün Mollaçıbinə yaşayış məntəqəsindən keçən Qara çayın məcrasının təmizlənilməsinə, “Davudaxı” adlanan ərazidə xüsusi mülkiyyət olan torpaq sahələrinin suvarılmasına, Şərif Alqayev Əli Şirinov adına Qaravəli kənd tam orta məktəbin qarşısında piyada keçidinin və sürət nişanlarının qoyulmasına, Natiq Balamedov Qadaşbinə yaşayış məntəqəsinə yeni su xəttinin çəkilməsinə, Səyarə Ovçiyeva, Şölə Diqanayeva işlə təmin olunmasına, Qurban Sofiyev Qamıştala yaşayış məntəqəsində artezian quyusunun qazılmasına, Müzaməddin Mollayev Pirqaxbinə yaşayış məntəqəsində qəzalı vəziyyətdə olan elektrik dayaqlarının dəyişdirilməsinə, Elvin Süleymanov Qamıştala yaşayış məntəqəsində evinin yaxınlığında telefon kabellərinin sallanmasının qarşısının alınması üçün dayaqların basdırılmasına köməklik göstərilməsini xahiş ediblər.
Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.