Qabaqçöl qəsəbəsində səyyar görüş keçirilib
Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev oktyabrın 20-də Qabaqçöl qəsəbəsində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və şəhər sakinləri iştirak ediblər.
Qəsəbə sakinlərini salamlayan Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə son 19 ildə ölkədə aparılan quruculuq-abadlıq işləri, həyata keçirilən sosialyönümlü islahatlar, rayonda görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib
Eyni zamanda rayon rəhbəri Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci il oktyabrın 20-də Zəngilan şəhərini işğaldan azad etdiyini vurğulayıb. Bildirib ki, Zəngilan şəhərinin işğaldan azad edilməsi tarixi qələbəmizdir. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edilib. 2020-ci il dekabrın 23-də işğaldan azad edilən Zəngilan rayonunda səfər edən Prezident, Ali Baş Komandan İlham Əliyev burada şanlı Azərbaycan bayrağını ucaldıb. İslam Rzayev Zəngilanın azad edilməsinin Azərbaycan Ordusunun döyüş ruhunu, qələbə əzmini yüksəltdiyini, xalqın şanlı Zəfərə inamını daha da artırdığını diqqətə çatdırıb.
Sonra qəsəbə sakinlərinin müraciətləri dinlənilib. Zetay Taşrayeva Qabaqçöl qəsəbə tam orta məktəbinin əsaslı təmirinə, həmçinin məktəbin qarşısındakı yola piyada zolağının çəkilməsinə, Mətanət Mahmudova qəsəbə Ailə Sağlamlıq Mərkəzi, Əminə Çerçiyeva isə körpələr evi-uşaq bağçası üçün yeni binanın tikintisinin həyata keçirilməsinə köməklik göstərilməsini xahiş ediblər.
Vətəndaşların müraciətləri nəzarətə götürülüb. Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib, bəzi müraciətlər aidiyyəti orqanlara göndərilməsi üçün qeydiyyata alınıb.