Qabaqçöl qəsəbəsində səyyar qəbul keçirilib
02 noyabr 2023 | 16:31
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev noyabrın 2-də Qabaqçöl qəsəbəsində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və qəsəbə sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev səyyar qəbulda çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açıb, rayonda görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.
Sonra qəsəbə sakinlərinin müraciətlərinə baxılıb. Heybullah Doldolov qəsəbənin Aydın Osbanov küçəsinin işıqlandırılmasına, Şaban Borayev fərdi yaşayış evinin qaz sayğacının dəyişdirilməsinə, Abdulla Xutrayev marşrutlarının gediş-gəliş reqlamentinin dayanacaqlara vurulmasına, Sədaqət Şəhmirova internetin sürətinin yaxşılaşdırılmasına, Mustafa Uruxov qəsəbə ərazisində işıqların gün ərzində tez-tez sönməsinin qarşısının alınmasına köməklik göstərilməsini xahiş ediblər.
Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.