Şriftin ölçüsü :

Saytın rəngi :

Qanunsuz tikililərin qarşısının alınması ilə bağlı aidiyyəti şəxslərə ciddi xəbərdarlıq edilib

18 noyabr 2022 | 18:27

   Cari ilin noyabr ayının 18-də Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev RİH əməkdaşları, Rayon Polis Şöbəsinin müvafiq ərazi üzrə sahə rəisləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrlərinin iştirakı ilə iclas keçirib. 

 İclasda 2022-ci ildə qarşıya qoyulan məqsədlər – şəhid ailələri və qazilərin mütəmadi diqqətdə saxlanılması, onlara göstərilən qayğının daha da artırılması, torpaqların vətəndaşlar tərəfindən təyinatına uyğun istifadə olunması, torpaq zəbtlərinin qarşısının alınması, ərazilərdə aparılan qanunsuz tikililərə qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsi, məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsi istiqamətində görülən işlər müzakirə edilib.

   İcra başçısı bildirib ki, inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrlərinə qanunsuz tikililərlə mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı dəfələrlə tapşırıqlar verilib. Vurğulanıb ki, bu vacib məsələ daimi nəzarətdə saxlanılmalı, qanunsuz tikililərə qarşı mübarizə tədbirləri daha da gücləndirilməlidir. Rayonumuzun bütün ərazilərində aşkar ediləcək qanunsuz tikililərə görə aidiyyəti şəxslər məsuliyyət daşıyır. Bu məsələdə qanunsuzluğa yol verənlər ciddi cəzalanacaqdır.

   Daha sonra rayon icra hakimiyyəti başçısının birinci müavini, rayon ərazisində qanunsuz tikinti işlərinin aparılmasına qarşı mübarizə üzrə komissiyanın sədri Turan Dibirov bu sahədə görülmüş işlər, mövcud nöqsanların aradan qaldırılması və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib.

   Rayon rəhbəri Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən birinin vətəndaş məmnunluğunun təmin edilməsi olduğunu bildirərək vətəndaş-məmur münasibətlərinin günün tələblərinə uyğun qurulmasının, insanların qanunvericilik sahəsində maarifləndirilməsinin və   Vətən müharibəsi iştirakçılarının, şəhid ailələrinin qayğılarına xüsusi həssaslıqla yanaşılmasının vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

   Sonda qaldırılan məsələlər ətrafında müzakirələr aparılıb.

Keçidlər