Qaracabinə kəndində səyyar qəbul keçirilib
11 sentyabr 2026 | 11:00
Sentyabrın 10-da Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Qaracabinə kəndində sakinlərlə görüşüb. Qəbulda Balakən Rayon İcra Hakimiyyətinin başçısı Aparatının məsul əməkdaşları, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb. Həmçinin ölkəmizdə əhalinin rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar, həyata keçirilən sosial siyasətdən bəhs edib. Balakən rayonunda icra olunan abadlıq-quruculuq işləri və əhalinin sosial problemlərinin həlli ilə bağlı görülən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib.
İnzibati ərazi dairəsi üzrə nümayəndə Ramazan Abdullayev çıxış edərək kəndin əhalisi, sosial-iqtisadi inkişafı, məşğulluq vəziyyəti və ərazidə həyata keçirilən işlər, həmçinin son səyyar qəbul zamanı qaldırılan məsələlərin icra vəziyyəti ilə bağlı məlumat verib.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Sakinlər təsərrüfat təyinatlı torpaqlarda olan ağacların kəsilməsinə razılıq verilməsi, içməli su ilə təminat, Qaracabinə kənd ümumi orta məktəbin bağlanması və digər məsələlərlə bağlı müraciət ediblər.
Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər mütəmadi olaraq davam etdirilir.






