Şriftin ölçüsü :

Saytın rəngi :

“Qartallar Şuşaya uçur” kitabının təqdimat mərasimi keçirilib.

08 iyul 2022 | 14:44

07 iyul 2022-ci il tarixdə Balakən şəhər Uşaq İncəsənət Məktəbində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şair Xutra Ramazanın İkinci Vətən Müharibəsinə həsr olunmuş “Qartallar Şuşaya uçur” adlı kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini Nəzakət Rüstəmova, Azərbaycan Yazıçılar Birliyinin məsul işçiləri, şəhid və qazi ailələrinin üzvləri, yazıçılar, rayon incəsənət xadimləri, ziyalılar, şairin dostları və məktəblilər iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri giriş sözü ilə açan RİHB-nın müavini Nəzakət Rüstəmova tədbir iştirakçılarına şair Xutra Ramazanın həyat və yaradıcılığı, müəllim kimi fəaliyyət göstərməsindən, təqdimatı keçirilən “Qartallar Şuşaya uçur” kitabında əks olunan şəhid Nəcməddin Sarkayevə və Vətən Müharibəsi Qəhrəmanı Ramazan Hudulova həsr olunan iki poemanın vətənpərvərlik hissinin gənc nəslə aşılanmasındakı rolundan bəhs edib.

Daha sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin məsul işçisi, şair, publisist, Prezident təqaüdçüsü, R.Rza mükafatı laureatı Dayandur Sevgi Xutra Ramazanın təqdimatı keçirilən kitabında vətənpərvər Balakən oğullarının, şəhid analarının, 44 günlük Vətən Müharibəsinin ilk günlərindən Zəfər gününədək yaşadığımız anları şair incəliyi ilə qələmə aldığını vurğulayıb. O, daha sonra şairin yaradıcılığının 50 illik yubileyi münasibətilə Xutra Ramazana Azərbaycan Yazıçılar Birliyinin Fəxri Diplomunu təqdim edib.

    “Qartallar Şuşaya uçur” kitabının ön sözünün müəllifi, şair, publisist, əməkdar incəsənət xadimi, “Kredo” qəzetinin baş redaktoru Əlirza Xələflinin çıxışı tədbir iştirakçılarının yaddaşında xüsusi yer tutub. O, Xutra Ramazana Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının “Qızıl Qələm” media mükafatı laureatı diplomunu və vəsiqəsini təqdim edərək şairi təbrik edib. Qarabağın azadlığı uğrunda gözünü qırpmadan şəhidlik zirvəsinə ucalan oğullarımızın zalda əyləşən anaları və yaxınlarına müraciət edərək onların qarşısında baş əydiyini, Xutra Ramazanın təşəbbüsünün gələcək nəsillərin vətənpərvərlik mirası üçün dəyərli olduğunu diqqətə çatdırıb.

   Daha sonra çıxış edən əməkdar jurnalist, AzTV-nin böyük redaktoru Avdı Qoşqar “Qartallar Şuşaya uçur” kitabındakı şairin qələmə aldığı şeirlərdən nümunələr gətirərək iştirakçılar üçün səsləndirib.

   Tədbir rayon ziyalıları və şairin dostlarının onu “Qartallar Şuşaya uçur” kitabının təqdimatı, təltif olunduğu mükafatlar münasibətilə təbrik etməsi ilə davam edib. Rayon Mədəniyyət Mərkəzinin məsləhətçisi Şəfəq Hacıyeva, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor müavini Mehriban Çuxova, Balakən Mərkəzi Rayon Xəstəxanasının həkimi Rəisət Tinayeva, Balakən şəhər Uşaq İncəsənət Məktəbinin direktoru Arifə Tağıyeva, “Daşaltı döyüşləri”nin iştirakçısı, ehtiyatda olan mayor Şaban Daşdəmirov şairin yaradıcılığından nümunələr gətirərək onu təbrik ediblər.

   Şəhid Nəcməddin Sarkayevin anası Tinay Sarkayeva Xutra Ramazanın Vətən Müharibəsində şəhid olmuş oğluna həsr etdiyi, şəhid Nəcməddin Sarkayevin Murovdağdan başlanan və şəhidlik zirvəsi ilə bitən döyüş yolunu əks etdirən poemasını dəfələrlə oxuduğunu və az da olsa təskinlik tapdığını vurğulayaraq şairə təşəkkür edib.

   Vətən Müharibəsi Qəhrəmanı Ramazan Hudulovun anası Mehriban Hudulova oğlu ilə fəxr etdiyini, şair Xutra Ramazanın gələcək nəsillərə miras qalacaq kitabında oğluna həsr olunan poemanın olmasından qürurlandığını, bir yumruq kimi Azərbaycanda yaşayan azsaylı xalqların nümayəndələrinin döyüşlərdə qəhrəmanlıq göstərdiyini dilə gətirərək təşəkkürünü ifadə edib.

   Tədbir məktəblilərin ifasında Xutra Ramazanın “Qartallar Şuşaya uçur” kitabındakı şeir nümunələrinin səsləndirilməsi ilə davam edib.

   Sonda Uşaq İncəsənət Məktəbinin şagirdlərinin ifasında musiqi nömrələri nümayiş etdirilib.

Keçidlər