Qazma kəndində növbəti səyyar qəbul keçirilib
Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev aprelin 6-da Qazma kəndinin Bedağar yaşayış məntəqəsində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlərdən, son dövrlər ictimai-siyasi sahədə baş vermiş mühüm hadisələrdən danışıb, Prezident cənab İlham Əliyev mart ayının 28-də Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsinin təyin olunması ilə əlaqədar qəbul edərkən söylədiyi bəzi fikirləri görüş iştirakçılarının diqqətinə çatdırıb.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Rizvan Poladov Bedağar yaşayış məntəqəsində 3 km uzunluğunda əsas asfalt yolun təmir edilməsinə, Eyvaz İbrahimov yaşayış məntəqəsi ərazisində tibb məntəqəsinin tikilməsinə, Mehriban Atayeva yaşayış məntəqəsində telefon və internet xəttinin çəkilməsinə, Hümayə Qarakişiyeva 5 km uzunluğunda yolun bələdiyyə tərəfindən qreyderlə hamarlanmasına köməklik göstərilməsini xahiş ediblər.
Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.