Şriftin ölçüsü :

Saytın rəngi :

Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri müzakirə edilib

24 yanvar 2026 | 14:39
Zaqatalada dövlət qurumlarının iştirakı ilə qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınmasına həsr olunmuş tədbirlər müzakirə olunub. Zaqatala rayonunun Heydər Əliyev Mərkəzində keçirilən toplantıda Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Balakən, Zaqatala və Qax rayon icra hakimiyyətlərinin rəhbərləri, Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları və bitki mühafizəsi sahəsində çalışan mütəxəssislər iştirak ediblər.
Toplantıdan əvvəl iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Çıxışlarda qeyd olunub ki, zərərverici ilk dəfə 2018-ci ildə aşkarlanıb və bu istiqamətdə görülən işlər nəticəsində onun iqtisadiyyata vurduğu zərərin minimuma endirilməsi üçün ardıcıl tədbirlər görülür. Zərərvericinin yayılma arealının müəyyənləşdirilməsi, mübarizə tədbirlərinin təşkili və maarifləndirmə işləri üzrə aidiyyəti qurumların iştirakı ilə mütəmadi monitorinqlər aparılır. 2025-ci ildə bu monitorinqlər 32 rayonu əhatə edib və ən yüksək sirayətlənmə Balakən, Zaqatala və Qax rayonlarında müşahidə olunub. Bu səbəbdən mübarizə tədbirlərinin əsasən həmin bölgələrə yönəldilməsinin zəruriliyi qeyd edilib.
Eyni zamanda tədbirlərinin effektivliyinin artırılması üçün yerlərdə ixtisaslaşmış mübarizə dəstələrinin formalaşdırılması, özəl sektorun prosesə cəlb edilməsi, bioloji mübarizə üsullarının tətbiqi, əkin sahələri və kənd ətrafı meşəliklərin vegetasiya dövründə dərmanlanmasının vacibliyi vurğulanıb. Bölgələrdə aparılan mübarizə tədbirləri barədə məlumat verilib, qərargahların fəaliyyətinin gücləndirilməsi ilə bağlı təkliflər səsləndirilib.
Tədbirdə 2026-cı ildə qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinin təşkili ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Keçidlər