Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinə dair Balakən rayonunda dəyirmi masa keçirilib.
Qəhvəyi mərmər bağacığının Balakən rayonu üzrə yayılmasının qarşısının alınması, mövcud ocaqların aradan qaldırılması və fitosanitar sabitliyin təmin edilməsi məqsədilə kompleks tədbirlər ardıcıl şəkildə davam etdirilir. Bu istiqamətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi haqqında” 819s saylı sərəncamına əsasən yaradılmış Regional Əlaqələndirmə Mərkəzinin Balakən rayonunda növbəti iclası keçirilib.
İclasda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin və Qida Təhlükəsizliyi Agentliyininin rəhbərliyi və Balakən rayon icra hakimiyyəti aparatının məsul şəxsləri və şəhər, qəsəbə və kənd inzibati ərazi üzrə nümayəndələri, eləcə də bələdiyyə sədrləri iştirak ediblər.
Tədbirdə qəhvəyi mərmər bağacığına qarşı mübarizə üzrə tədbirlər planının icra vəziyyəti, zərərvericinin qışlama dövründə aparılan monitorinqlərin nəticələri, mövsümə uyğun görülən işlər, həmçinin əhali arasında maarifləndirmənin daha da genişləndirilməsi məsələləri müzakirə olunub.
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev çıxışında Nazirlər Kabinetinin tapşırıqları çərçivəsində görülən işlər və qarşıdakı vəzifələrlə bağlı ətraflı məlumat verib. Yerli əhali və sahibkarlarla görüşlər keçirilir, onlara zərərvericinin yayılma yolları, təsərrüfatlara vurduğu zərərlər və effektiv mübarizə üsulları haqqında ətraflı məlumat çatdırılır. Mövsümlə bağlı olaraq süni qışlama yerlərinin yaradılması istiqamətində işlər genişləndirilib. Maarifləndirici bukletlər, videoçarxlar və bannerlər hazırlanaraq media və sosial şəbəkələrdə paylaşılır.
Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev Agentlik tərəfindən tədbirlər planına uyğun həyata keçirilən tədbirləri təqdim edərək, zərərvericinin sıx yayıldığı ərazilərdə mübarizənin daha da gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Eyni zamanda qeyd olunmuşdur ki, Balakən rayonunun kəndlərində “tap məhv et” kompaniyası həyata keçirilmiş, sakinlər öz yaşayış evlərinin damında və zərərvericinin qışlaya biləcəyi digər yerlərdə monitorinqlər aparmış və aşkar olunmuş zərərvericiləri mexaniki üsulla məhv etmişdirlər.
İclasın sonunda monitorinqlərin intensivləşdirilməsi, mexaniki və kimyəvi mübarizə tədbirlərinin genişləndirilməsi ilə bağlı müvafiq qərarlar qəbul olunub. Eyni zamanda qəhvəyi mərmər bağacığının ən çox aşkarlandığı Gərəkli kəndinin Mazımçay yaşayış məntəqəsində və Kortala kəndində kütləvi təkrar monitorinqlərin keçirilməsi məqbul hesab edilmiş bu sahədə təxirəsalənmaz tədbirlərin aparılması müəyyənləşdirilmişdir.






