Şriftin ölçüsü :

Saytın rəngi :

Qəhvəyi Mərmər bağacığına qarşı mübarizəyə dair növbəti maarifləndirici tədbir keçirilib

10 oktyabr 2025 | 18:20
  Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması, mövcud yayılma ocaqlarının ləğvi, fitosanitar sabitliyin təmin edilməsi və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə kompleks tədbirlər davam etdirilir.
  Bu məqsədlə oktyabr ayının 10-da Balakən Rayon İcra Hakimiyyətində növbəti tədbir keçirilib. Tədbirdə Balakən RİH-nin başçısı İslam Rzayev, Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev, Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev, bələdiyyələr, inzibati ərazi dairəsi üzrə nümayəndələr, ağsaqqallar və din xadimləri iştirak ediblər.
Tədbirdə Qəhvəyi mərmər bağacığına qarşı mübarizə üzrə Tədbirlər Planının icrasının gedişi, zərərvericinin qışlama yerlərində aparılan monitorinqlərin nəticələri, mübarizə tədbirlərinin gücləndirilməsi və əhali arasında maarifləndirmə işlərinin genişləndirilməsi məsələləri müzakirə olunub.
  Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev rayon ərazisində Qəhvəyi mərmər bağacığına qarşı aparılan mübarizə tədbirləri, eyni zamanda əhalinin maarifləndirilməsi istiqamətində görülmüş işlər barədə məlumat verib. İslam Rzayev çıxışında mübarizə tədbirlərinə əhalinin və bələdiyyələrin fəal şəkildə cəlb edilməsinin vacibliyini vurğulayıb.
  Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev bildirib ki, Agentlik tərəfindən ölkə üzrə fitosanitar sabitliyin təmin olunması tədbirləri çərçivəsində, xüsusilə şimal-qərb və qərb regionlarında zərərvericiyə qarşı mübarizə tədbirləri ardıcıl şəkildə davam etdirilir. Qəhvəyi mərmər bağacığının qışlama yerlərinin aşkarlanması məqsədilə monitorinqlərin sayı artırılıb, yerli əhali və sahibkarlarla görüşlər keçirilir, onlara zərərvericinin yayılma yolları, təsərrüfata vurduğu iqtisadi zərərlər və mübarizə üsulları barədə geniş məlumat verilir. Bildirilib ki, mövsümlə əlaqədar olaraq qış fəslində süni qışlama yerlərinin yaradılması istiqamətində tədbirlər həyata keçirilir, əhali arasında maarifləndirmə işləri intensivləşdirilir. Bu məqsədlə maarifləndirici bukletlər, videoçarxlar və bannerlər hazırlanaraq mediada və sosial şəbəkələrdə yayımlanır.
  Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev çıxış edərək Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Tədbirlər Planına uyğun olaraq görülmüş işlər barədə məlumat verib və zərərvericinin kütləvi yayıldığı ərazilərdə mübarizə tədbirlərinin daha da gücləndirilməsinin vacibliyini qeyd edib.
Keçidlər