“Qida məhsullarının konservləşdirilməsi-nələri bilməliyik” mövzusunda tədbir keçirilib
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 aprel tarixli 1143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Qida Təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.3-cü bəndində qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması ilə bağlı əhali arasında təşviqat və maarifləndirmə işlərinin aparılması nəzərdə tutulmuşdur.
Bununla əlaqədar olaraq 19 dekabr 2022-ci il tarixdə Balakən Rayon İcra Hakimiyyətinin və Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsinin təşkilatçılığı ilə “Qida məhsullarının konservləşdirilməsi-nələri bilməliyik” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə rayonda fəaliyyət göstərən “Novruz”, “Asil” və “Lalələr” qida kooperativləri, “ABAD”çılar, “Balacans” MMC-nin nümayəndələri, eyni zamanda konservləşdirilmiş məhsul istehsalı ilə məşğul olan digər hüquqi və fiziki şəxslər iştirak edib. Tədbirdə çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi Sevda Məmmədova qida məhsullarının konservləşdirilməsi və saxlanılmasına dair tələblər, Mərkəzi Rayon Xəstəxanasının həkimi Məhəmməd Əhmədov isə düzgün konservləşdirilməmiş qidaların törətdiyi fəsadlar, yaranan xəstəliklər və onların müalicəsi barədə iştirakçılara ətraflı məlumat verib.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.