Rayon icra hakimiyyətinin başçısı Gərəkli kəndində sakinlərlə görüşüb
28 mart 2024 | 14:33
Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev martın 28-də Gərəkli kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev səyyar qəbulda çıxış edərək ölkəmizin tərəqqisi və qüdrətlənməsi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işlərdən danışıb. Həmçinin 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin tərkib hissəsi olduğunu vurğulayıb. Eyni zamanda dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən biri hesab olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti 29-cu sessiyasının ölkəmizdə keçirilməsi barədə yekdil qərarın qəbul edilməsinin ölkəmizə beynəlxalq səviyyədə olan hörmət və etimadın göstəricisi olduğunu qeyd edib.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb.
Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.