Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev Balakən şəhərində səyyar qəbul keçirib
07 dekabr 2023 | 10:34
Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev dekabrın 7-də Balakən şəhərində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və şəhər sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev səyyar qəbulda çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açıb, rayonda görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.
Sonra şəhər sakinlərinin müraciətlərinə baxılıb. Xəqani Həsənov Y.Məmmədəliyev küçəsində, Arif Nağıyev isə Heydər Əliyev prospekti və Xalqlar Dostluğu küçəsinin kəsişməsində yağış sularının axıdılması üçün suötürücü arxların qazılmasına, Mustafa Qallacov A.Məmmədov küçəsi dalan 4 ünvanında 110 m uzunluğunda küçənin asfalt örtüyünün yenilənməsinə və yaşayış olmayan kolluq əraziyə zibil atılmasının qarşısının alınması məqsədi ilə zəruri tədbirlərin görülməsinə, Tacəddin Tinayev C.Məmmədquluzadə küçəsində işıqlandırılmanın təmin edilməsinə, Qismət Qarayev M.Əsədov küçəsində yerləşən “Puçaxlar qəbiristanlığı” adlanan qəbiristanlığın təmizlənilməsinə, İbrahim Həşimov Balakən şəhəri M.Əsədov və R.Səmədov küçələrində olan hündür və irigövdəli ağacların budanmasına, Şamil Əliyev Balakən N.Nərimanov küçəsində 770 m məsafədə mövcud işıqlanma sisteminin yeni və müasir işıqlandırılma sistemi ilə əvəz olunmasına, Musa Mustafayev S.Vurğun küçəsində çalaların təmirinə, Səbinə Ələkbərova isə Əli Ansuxski küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının həyətinin asfaltlanmasına köməklik edilməsini xahiş ediblər.
Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.