Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev sentyabrın 26-da Qaysa kəndində səyyar qəbul keçirib.
26 sentyabr 2023 | 11:49
Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev sentyabrın 26-da Qaysa kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev səyyar qəbulda çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açıb, rayonda görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb. 19-20 sentyabr tarixlərində erməni hərbi birləşmələrinin təxribatlarına cavab olaraq Ordumuzun bölgədə keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən bəhs edib. Rayon rəhbəri qeyd edib ki, lokal antiterror əməliyyatları nəticəsində Qarabağda qayda-qanunun yaradılmasına və bu bölgədə birdəfəlik sülhün bərqərar olmasına, gələcək nəsillərin müharibəsiz şəraitdə yaşamasına nail olduq. Bu tarixi qələbədə, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsində baş rol, baş səbəbkar məhz cənab Prezident İlham Əliyevdir.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Ramazan Osbanov kəndin “Basrab qırma oba” adlanan ərazisində elektrik xətlərinin və dirəklərin dəyişdirilməsinə, Meysarat Qaysayeva Folklor evinin təmir edilməsinə, Şamil Oynağanov sel sularının qarşısının alınması məqsədi ilə “Jalğa” çayının məcrasının təmizlənilməsinə, Namiq Cirinqov isə “Laqu oba” adlanan ərazidə kəndarası yolların təmir olunmasına köməklik göstərilməsini xahiş ediblər.
Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.