Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev yanvarın 25-də Talalar kəndində səyyar qəbul keçirib
26 yanvar 2024 | 09:15
Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev yanvarın 25-də Talalar kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev səyyar qəbulda çıxış edərək 1990-cı il yanvarın 20-də xalqımıza qarşı törədilmiş qanlı faciədən bəhs edib, sonra ötən 2023-cü il ərzində ölkəmizin həyatında baş vermiş önəmli hadisələrdən danışıb, qarşıda duran vəzifələr barədə məlumat verib.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. İdris Şahverdiyev kəndin “Çimənlik” adlanan ərazisində evinin yanından keçən yüksəkgərginlikli elektrik xətlərinin dəyişdirilməsinə və yolun təmir olunmasına, Həmid Şindiyev kəndin “Quzubulaqlı” adlanan ərazisindəkı 1.5 km uzunluğundakı yolun asfaltlanmasına, həmçinin internet abunəçi dayaqlarının quraşdırılmasına, Könül Məmmədova evinə qədər internet abunəçi dayaqlarının quraşdırılmasına, Ənvər Daanov kənd körpələr evi-uşaq bağçasının qarşısından keçən yola tənzimləyici yol nişanlarının qoyulmasına, Müşfiq Yolçuyev isə kəndin “Batanbulaq” yolu adlanan ərazisində 2 km uzunluğundakı yolun təmir edilməsinə köməklik göstərilməsini xahiş ediblər.
Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.