Şriftin ölçüsü :

Saytın rəngi :

Sağlam ailə cəmiyyətin və güclü dövlətin təməlidir

16 may 2022 | 16:26

      15 may-“Beynəlxalq Ailə Günü” ilə əlaqədar olaraq Balakən Rayon İcra Hakimiyyətinin və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Gənclər Evində  “Sağlam ailə cəmiyyətin və güclü dövlətin təməlidir” adlı tədbir keçirilib. Tədbirdə rayon Heydər Əliyev Mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin, Mədəniyyət  Mərkəzinin, rayonun digər müəssisə və təşkilatlarının əməkdaşları həmçinin gənclər iştirak edib.

       Tədbirin əvvəlində mövzu ilə bağlı videoçarx nümayiş olunub. Sonra rayon Gənclər İdman İdərəsinin rəisi Rasim Paçalov tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, BMT Baş Assambleyasının 1993-cü il 20 sentyabr tarixli qətnaməsinə müvafiq olaraq, 1994-cü ildən etibarən hər il mayın 15-i dünyada Beynəlxalq Ailə Günü kimi qeyd edilir və Azərbaycan 2008-ci ildən bu ənənəyə qoşulub.  O bildirib ki, Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri də ailə siyasətidir. 

        Balakən RİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Türkan Əliyeva öz çıxışında bildirib ki, Beynəlxalq Ailə Gününün təsis edilməsində əsas məqsəd planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltməyə xidmət edir. Vurğulayıb ki, bu gün ölkəmizdə ailələrin rifahının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Dövlət ailə siyasəti Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarda, bir sıra dövlət proqramlarında özünün uğurlu inkişafını tapmışdır. Ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlar ailə institutunun inkişafında da öz təsdiqini tapmaqdadır.

       Tədbirdə çıxış edən rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Balayeva  müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edərək bildirib ki,  ulu öndər Heydər Əliyevin ailə siyasəti  Azərbaycanda bu gün də məqsədyönlü surətdə həyata keçirilir.

       Həmçinin digər çıxışlarda ailə dəyərlərindən, milli adət-ənənələrdən, sağlam ailə təməlinin qurulması və qorunub saxlanılmasının sirrlərindən danışılaraq, qarşılıqlı hörmət və məhəbbət sayəsində qurulan ailələrin daha uzunömürlü və  xoşbəxt olması xüsusilə qeyd edilib.

       Sonda mövzu ilə bağlı tərtib olunmuş suallar ətrafında diskussiya aparılıb.

Keçidlər