Şriftin ölçüsü :

Saytın rəngi :

"Sağlam və rasional qidalanma" mövzusunda maarifləndirmə tədbiri keçirilib

15 fevral 2024 | 11:43

   Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 aprel tarixli 1143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Qida Təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.4-cü bəndində sağlam və rasional qidalanma istiqamətində təşviqat işlərinin aparılması nəzərdə tutulub. Həmin bəndin icrası məqsədi ilə fevralın 15-də Balakən Rayon İcra Hakimiyyətinin, Dövlət Aqrar İnkişaf Mərkəzinin, Mərkəzi Rayon Xəstəxanasının və Gigiyena və Epidemiologiya Mərkəzinin təşkilatçılığı,  fermerlər və qida məhsulları istehsalçılarının iştirakı ilə “Sağlam və rasional qidalanma” mövzusunda maarifləndirici tədbir keçirilib.

  Rayon Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilən tədbirdə çıxış edən Mərkəzi Rayon Xəstəxanasının həkimi Humay Hüseynova, GEM-in həkimi Zemfira Hacıyeva iştirakçılara balanslaşdırılmış qidalanmanın şərtləri, yeniyetmələrin sağlam qidalanmasının vacibliyi, fizioloji proseslərin düzgün gedişində və müxtəlif patoloji amillərə qarşı orqanizmin müqavimətinin formalaşmasındakı rolu barədə ətraflı məlumat veriblər.

   Eyni zamanda tədbirdə düzgün olmayan qida rasionunun törətdiyi fəsadlar, yol açdığı xəstəliklər, sağlam qidalanmanın insan bədəninə müsbət təsirləri barədə ətraflı bəhs edilib.

   Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər