Şəhid Aqil Omarovun xatirəsinə inşa olunan bulağın açılışı olub
Mayın 11-də şəhid mayor Omarov Aqil Akif oğlunun əziz xatirəsinə ucaldılmış şəhid bulağının açılışı olub.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin mayoru, tabor komandiri, şəhid Aqil Omarov 2019-cu il mayın 30-da cəbhənin Ağdam rayonu istiqamətində erməni qüvvələri tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olub.
Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, RİH-in məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri, din xadimləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri də iştirak ediblər.
Açılış mərasimində çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev 44 günlük Vətən müharibəsində Şanlı Zəfər qazanan Azərbaycan Ordusunun şəhidlərinin qanının yerdə qalmadığını, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyətini qeyd edib. Bildirib ki, Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olan oğullarımız hər zaman xalqımızın qəlbində yaşayacaq.
Şəhidin ailə üzvləri çıxış edərək göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Tədbir şagirlərin ifasında şəhidimizə həsr edilmiş şeir və kompozisiyalarla davam edib.