Şəhid Cavid Yüzbaşiyevin xatirəsi anılıb
Vətən müharibəsi şəhidi Yüzbaşiyev Cavid Cavanşir oğlunun şəhadətə yüksəlməsindən 2 il ötür.
Şəhidin anım günü onun məzarı yanında qeyd edilib. Mərasimdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhidin ailə üzvləri, din xadimləri, ağsaqqallar iştirak ediblər. Mərasim iştirakçıları kənd qəbiristanlığında şəhidin məzarı ziyarət edib, əziz xatirəsinə ehtiramlarını bildiriblər. Canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunub.
Anım günündə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda gedən 44 günlük müharibədə xalqımızın bir yumruq kimi həmrəylik, əzm və iradə nümayiş etdirərək, əsgərlərimizin, zabitlərimizin qəhrəmanlıq salnaməsi yazaraq, düşmən üzərində parlaq Qələbə qazandığı bildirib. Rayon rəhbəri qələbənin şəhidlərimizin qanı bahasına qazanıldığını, bu amal uğrunda şəhid olan qəhrəmanların xatirəsinin xalqımızın qəlbində hər zaman yaşayacağını vurğulayıb.
Cavid Yüzbaşiyev 20 iyul 1995-ci ildə Balakən rayonunun Hənifə kəndində anadan olub. 2002-2013-cü illərdə M.P. Vaqif adına 1 saylı Tülü kənd tam orta məktəbində təhsil alıb. 2014-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib, 2016-ci ilin aprel döyüşlərinin iştirakçısı olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Cavid Yüzbaşiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Cavid Yüzbaşiyev oktyabrın 16-da Ağdərə istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Balakən rayonunun Hənifə kəndində torpağa tapşırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə Cavid Yüzbaşiyev ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü” və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.