Şəhid Elsevər Paxırovun xatirəsi anılıb
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə canından keçən Balakən rayonunun igid oğullarından biri – Elsevər Paxırovun şəhadətə yüksəlməsinin ikinci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Şəhidin ildönümü ilə əlaqədar rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri onun məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.
Anım tədbirində 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbədən, şəhid Elsevər Paxırovun keçdiyi şərəfli döyüş yolundan söz açılıb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Elsevər Paxırov 1997-ci il iyulun 19-da Balakən rayonunun Hənifə kəndində anadan olub. 2004-2013-cü illərdə Roçəhməd ümumi orta məktəbində təhsil alıb. 2015-2017-ci illərdə Naxçıvan Muxtar Respublikasında Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Dəstəsinin kiçik giziri olan Elsevər Paxırov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elsevər Paxırov oktyabrın 9-da Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Balakən şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elsevər Paxırov ölümündən sonra “Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.