Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Harun Alqayevin xatirəsi anılıb

10 oktyabr 2022 | 18:19

Azərbaycan Ordusunun baş leytenantı Alqayev Harun Məhəmməd oğlunun şəhidlik zirvəsinə ucalmasından 2 il ötür.

Vətən müharibəsində qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksələn Harun Alqayevin anım günü onun məzarı yanında qeyd edilib. Mərasimdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhidin ailə üzvləri, din xadimləri, ağsaqqallar iştirak ediblər.   Mərasim iştirakçıları Balakən Şəhidlər xiyabanında şəhidin məzarı ziyarət edilib, əziz xatirəsinə ehtiramlarını bildiriblər. Canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunub.

Mərasimdə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda gedən 44 günlük müharibədə xalqımızın bir yumruq kimi həmrəylik, əzm və iradə nümayiş etdirərək, əsgərlərimizin, zabitlərimizin qəhrəmanlıq salnaməsi yazaraq, düşmən üzərində parlaq Qələbə qazandığı bildirib. Qələbənin şəhidlərimizin qanı bahasına qazanıldığı, bu amal uğrunda şəhid olan qəhrəmanların xatirəsinin xalqımızın qəlbində hər zaman yaşayacağı vurğulayıb.

Harun Alqayev 1992-ci il iyulun 14-də Balakən rayonunun Gərəkli kəndində anadan olub. 1998-2006-cı illərdə Balakən şəhərində Nəsimi adına 2 nömrəli tam orta məktəbdə, 2007-2010-cu illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş leytenantı olan Harun Alqayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın, Kəlbəcərin, Cəbrayılın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına savaşıb. Harun Alqayev oktyabrın 10-da Xocavənd rayonu uğrunda gedən döyüşlər zamanı Hadrut qəsəbəsində düşmənin snayper atəşi nəticəsində şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə  Harun Alqayev ölümündən sonra  "Azərbaycan bayrağı" ordeni, "Vətən uğrunda", “İgidliyə görə”, "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Keçidlər