Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Məhəmməd Abdullayevin xatirəsi yad edilib

25 noyabr 2022 | 15:04

   Abdullayev Məhəmməd Ramazan oğlunun Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlməsinin ikinci ildönümündə xatirəsi ehtiramla yad edilib. Rayonun Şəhidlər xiyabanında keçirilən anım mərasimində Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri  şəhidin məzarını ziyarət edib və tər çiçəklər düzərək xatirəsini ehtiramla anıblar.

   Çıxışlarda 2 il öncə şəhidlik zirvəsinə ucalan Məhəmməd Abdullayevin qısa, şərəfli ömür yolundan xatirələr söylənilib. 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, havadarlarına güvənən işğalçı erməni silahlı qüvvələrinə qarşı döyüşlərdə əsgər və zabitlərimizin göstərdikləri qəhrəmanlıqlardan danışılıb, Məhəmməd və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığı bildirilib.

   Mərasimdə məktəblilər Vətənə, şəhidlərə həsr olunan şeirlər söyləyiblər.

   Qeyd edək ki, Məhəmməd Abdullayev 1992-ci il mayın 3-də Balakən rayonunun Talalar kəndində anadan olub. 1998-2009-cu illərdə 2 saylı Talalar kənd tam orta məktəbində təhsil alıb.

   2010-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Məhəmməd Abdullayev 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak edib, Suqovuşan döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Balakən Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə  Məhəmməd Abdullayev ölümündən sonra  "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Keçidlər