Şəhid Qurban Hacıyevin xatirəsi yad edilib
Hacıyev Qurban Əsəbəli oğlunun Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlməsinin ikinci ildönümündə xatirəsi ehtiramla yad edilib. Rayonun Şəhidlər xiyabanında keçirilən anım mərasimində Balakən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Turan Dibirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib və tər çiçəklər düzərək xatirəsini ehtiramla anıblar.
Çıxışlarda 2 il öncə şəhidlik zirvəsinə ucalan Qurban Hacıyevin qısa, şərəfli ömür yolundan xatirələr söylənilib. 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, havadarlarına güvənən işğalçı erməni silahlı qüvvələrinə qarşı döyüşlərdə əsgər və zabitlərimizin göstərdikləri qəhrəmanlıqlardan danışılıb, Qurban Hacıyev və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığı bildirilib. Mərasimdə məktəblilər Vətənə, şəhidlərə həsr olunan şeirlər söyləyiblər.
Qeyd edək ki, Qurban Hacıyev 1997-ci il aprelin 19-da Balakən rayonunun Mahamalar kəndində anadan olub. 2003-2014-cü illərdə N. Nərimanov adına Mahamalar kənd tam orta məktəbində təhsil alıb.
Qurban Hacıyev 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə könüllü olaraq iştirak edib. Sentyabrın 30-da Suqovuşan döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Balakən şəhərinin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə Hacıyev Qurban Əsəbəli oğlu ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.