Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Sərxan Köklərovun 40 mərasimi keçirilib

02 noyabr 2023 | 16:52
  Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş ordumuzun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Köklərov Sərxan Eyvaz oğlunun 40 mərasimi ilə əlaqədar Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.
Mərasimdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, rayon hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
  Mərasim iştirakçıları öncə şəhidin məzarını ziyarət edərək, önünə tər güllər düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
  Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev şəhid Sərxan Köklərovun doğmalarına dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət diləyib. Bildirib ki, Şəhidlər bizim qürur yerimiz, fəxrimizdir. Xalqımız heç zaman Vətən naminə canını qurban vermiş Şəhidlərini unutmayacaq, onları əbədi xatirə kimi qəlbində yaşadacaqdır. Rayon rəhbəri qeyd edib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi, uzaqgörənliyi, qətiyyəti sayəsində “Dəmir yumruq” ətrafında sıx birləşən xalqımız Vətən müharibəsində düşməni diz çökdürüb, 30 illik vətən həsrətinə son qoyulub. 44 günlük müharibəsindən sonra Ermənistanın kapitulyasiya Aktına imza atmasına baxmayaraq, erməni silahlı birləşmələrinin Qarabağda terror fəaliyyətlərini davam etdirmələri antiterror əməliyyatlarının keçirilməsini qaçılmaz edib. Bu əməliyyatlarla cəmi 23 saat ərzində terrorçular məhv edilib, Azərbaycanın ərazi bütövlüyü tam təmin olunub. Qeyd edib ki, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə dövlət bayrağımızı ucaltmasını xalqımız iftixar və qürur hissi ilə izləyib.
  Daha sonra açılan ehsan süfrəsində şəhidin əziz xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.
  Şəhidin doğmaları dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
  Allah bütün Şəhidlərimizə rəhmət eləsin!
Keçidlər