Şəhid Sərxan Köklərovun il mərasimi keçirilib
25 sentyabr 2024 | 09:22
Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan ordumuzun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Köklərov Sərxan Eyvaz oğlunun il mərasimi ilə əlaqədar Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.
Mərasimdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, rayon hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçıları şəhidin məzarını ziyarət edərək, önünə tər güllər düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev şəhid Sərxan Köklərovun doğmalarına dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət diləyib. Bildirib ki, Şəhidlər bizim qürur yerimiz, fəxrimizdir. Xalqımız heç zaman Vətən naminə canını qurban vermiş Şəhidlərini unutmayacaq, onları əbədi xatirə kimi qəlbində yaşadacaqdır. Rayon rəhbəri qeyd edib ki, lokal xarakterli antiterror tədbirləri zamanı tarixi qəhrəmanlıq ənənələrini qoruyan oğullarımız döyüş meydanında cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur etdilər. Ali Baş Komandanın rəhbərliyi altında, xalqın dəstəyindən güc alan Sərxan kimi qəhrəmanlar qısa müddət ərzində tarixi torpaqlarımızı düşməndən təmizlədilər. İndi həmin torpaqların əsl sahibləri yurdlarına qayıdırlar. Bu tarixi Zəfər Günü artıq Ali Baş Komandanın imzaladığı Sərəncamla Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunacaqdır.
Mərasimdə məktəblilər Vətənə, şəhidlərə həsr olunan şeirlər söyləyiblər.
Qeyd edək ki, Sərxan Köklərov 1987-ci il iyunun 9-da Balakən rayonunun Tülü kəndində anadan olub. 1993-2002-ci illərdə M.P.Vaqif adına Tülü 1 saylı kənd tam orta məktəbdə təhsil alıb.
Sərxan Köklərov 2005-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2005-2007-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidməti tamamladıqdan sonra ordu sıralarında MAHHXHQ kimi xidmətini davam etdirib. Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsinin tibb məntəqəsində sanitar sürücü vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Sərxan Köklərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Sərxan Köklərov daha sonra 2023-cü il sentyabrın 19-u başlanan və cəmi 23 saat davam edən antiterror əməliyyatında Ağdərədə gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Balakən şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə Sərxan Köklərov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Suqovuşanın azad olunmasına görə" və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Şəhidin doğmaları dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!