Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Vahid Əlisoltanovun xatirəsi yad edilib

24 oktyabr 2022 | 14:14

Əlisoltanov Vahid Tahir oğlunun Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlməsinin ikinci ildönümündə xatirəsi ehtiramla yad edilib. Rayonun Şəhidlər xiyabanında keçirilən anım mərasimində Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri  şəhidin məzarını ziyarət edib və tər çiçəklər düzərək xatirəsini ehtiramla anıblar.

Çıxışlarda 2 il öncə şəhidlik zirvəsinə ucalan Vahid Əlisoltanovun qısa, şərəfli ömür yolundan xatirələr söylənilib. 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, havadarlarına güvənən işğalçı erməni silahlı qüvvələrinə qarşı döyüşlərdə əsgər və zabitlərimizin göstərdikləri qəhrəmanlıqlardan danışılıb, Vahid və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığı bildirilib.

Mərasimdə məktəblilər Vətənə, şəhidlərə həsr olunan şeirlər söyləyiblər.

Qeyd edək ki, Vahid Əlisoltanov 1994-cü il noyabrın 10-da Balakən rayonunun Gərəkli kəndində anadan olub. 2001-2012-ci illərdə Mikayıl Müşfiq adına Gərəkli kənd tam orta məktəbində təhsil alıb. 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında “BTR” komandiri kimi xidmət etməyə başlayıb. Azərbaycan Ordusunun giziri olan Vahid Əlisoltanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vahid Əlisoltanov oktyabrın 24-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Balakən şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə  Vahid Əlisoltanov ölümündən sonra  3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Keçidlər