Şəhidlərin anım günü qeyd olunub
Balakən rayonunda Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Omarov Vüsal Şəmsəddin oğlunun və Qurdayev Ömər Şəhmir oğlunun məzarları ziyarət olunub. Qəhrəman oğullarımızın şəhadətinin ildönümü ilə əlaqədar keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısının birinci müavini Turan Dibirov və başçının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mehparə Əliyeva, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhidin ailə üzvləri, din xadimləri, ağsaqqallar, kənd sakinləri iştirak ediblər.
Şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb. Tədbirdə çıxış edənlər şəhidlərin döyüş yolundan, onlarda olan yüksək vətənpərvərlik hislərindən danışıblar. Bildirilib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində 30 ilə yaxın həsrətində qaldığımız torpaqlarımızı işğaldan azad etdi. Bu Qələbənin şəhidlərimizin qanı bahasına qazanıldığı vurğulanıb. Bu amal uğrunda şəhid olan qəhrəmanların xatirəsi xalqımızın qəlbində hər zaman yaşayacaq. Qeyd olunub ki, şəhidlərimizin xatirəsini yad etmək, onların ailələrinə hörmətlə yanaşmaq hər birimizin vətəndaşlıq borcudur.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildiriblər.
Anım mərasimində şəhidlərin qəhrəmanlığından danışılıb. Qeyd olunub ki, Vüsal Omarov 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2012-ci ildən isə Azərbaycan Silahlı Qüvvələrinin giziri kimi tankçı vəzifəsində xidmətə başlayıb. 2016-cı ildə baş vermiş Aprel döyüşlərində Lələtəpə uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Ordusunun giziri olan Vüsal Omarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal Omarov sentyabrın 28-də Cəbrayıl döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Balakən şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə Vüsal Omarov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Həmçinin bildirilib ki, Ömər Qurdayev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Ömər Qurdayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ömər Qurdayev sentyabrın 27-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Balakən rayonunun Meşəşambul kəndində dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə Ömər Qurdayev ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.