Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlərin xatirəsi Balakəndə silsilə tədbirlərlə yad olunub

27 sentyabr 2023 | 15:23
  Anım Günü ilə əlaqədar sentyabrın 27-də Balakəndə şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının rəhbərləri əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
  Daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq şəhid ailələri, ictimaiyyətin nümayəndələri, müharibə iştirakçıları və qazilərlə birlikdə Şəhidlər xiyabanına gələrək şəhid məzarları önünə gül dəstələri qoyub, qəhrəman Vətən oğullarının xatirəsini ehtiramla yad ediblər.
Anım tədbirində Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Milli Məclisin deputatı Nəsib Məhəməliyev, şəhid anası Gülşən Kərimova, Vətən müharibəsi qazisi, baş leytenant Hacı Muradov çıxış ediblər.
  Çıxışlarda bildirilib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev hər il sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz 30 il işğal altında olan torpaqlarımızı azad etməklə tarixi Qələbə əldə edib. Vurğulanıb ki, şəhidlik Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək deməkdir.
  Anım tədbirində ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
  Tədbir iştirakçıları saat 12:00-da Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Qeyd edək ki, Anım Günü ərəfəsində Balakən Rayon İcra Hakimiyyətinin rəhbərliyi, deputatlar, ictimaiyyət nümayəndələri tərəfindən şəhid ailələri ziyarət edilib, onlara maddi köməklik göstərilib. Məscidlərdə şəhidlərin ruhuna dualar oxunub. Rayon ərazisində binaların eyvanlarında dövlət bayraqları asılıb. Sentyabrın 27-də təhsil müəssisələrində ilk dərslər   Vətən müharibəsi və Anım Günü mövzusuna həsr edilib.
Keçidlər