Şəhidlərin xatirəsi qəlblərdə əbədi yaşayır
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə canlarından keçən Balakən rayonunun qəhrəman övladları – Murtuzov Məhəmməd Ramazan oğlunun və Rəşidov Tural Fazil oğlunun şəhadətə yüksəlmələrinin ikinci ildönümü ilə əlaqədar anım mərasimləri keçirilib.
Şəhidlərin ildönümü ilə əlaqədar rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri və şəhidlərin ailə üzvləri onların məzarlarını ziyarət edərək üzərlərinə gül dəstələri düzüb, xatirələrini ehtiramla yad edib, ruhlarına dualar oxuyublar.
Mərasimlərdə 2020-ci il sentyabrın 27-də başlanan və Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən, şəhidlərin keçdiyi şərəfli döyüş yolundan danışılıb, onların əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı vurğulanıb.
Şəhidlərin doğmaları şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Anım mərasimlərində məktəblilər şəhidlərə, Vətənə həsr olunmuş şeirlər söyləyiblər.