Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlərin xatirəsinə həsr olunmuş “Sizə bir ömür borcluyuq” kitabının təqdimat mərasimi keçirilib

09 dekabr 2022 | 16:39

   Hər amalı Vətənlə bağlı qəhrəmanlar bu xalqın keçmişindən gələcəyinə qalan bir mirasdır. Qanları ilə tarix yazan qəhrəmanların qəhrəmanlıqlarını gələcək nəsillərə ötürmək vacibdir. Çünki gənclərimiz qəhrəman oğulların göstərdikləri hünərdən örnək götürməli, Vətənin kimlərin sayəsində azad vətən olmasını bilməlidir. Bu amal uğrunda bu gün atıla biləcək ən gözəl addımlardan biri də şəhidlərimizin həyatından bəhs olunan kitabın yazılmasıdır.

   Şair-publisist Nəfisət Vahid və Şöyüb Mikayılov tərəfindən yazılan “Sizə bir ömür borcluyuq” kitabı 27 sentyabrda başlayıb 10 noyabrda başa çatmış Vətən müharibəsində Azərbaycan xalqının qazandığı tarixi Qələbəyə, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş balakənli şəhidlərə həsr olunub. Kitabda ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda şəhidlik zirvəsinə yüksələn Balakənin 193 qəhrəman övladının həyat salnaməsi, döyüşlərdə göstərdikləri igidliklər, valideynlərin, döyüş dostlarının qəhrəmanlarımız barədə söylədikləri fikirlər əksini tapıb.

   Dekabrın 9-da rayon Heydər Əliyev Mərkəzində şəhid ailələri və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə  “Sizə bir ömür borcluyuq” kitabının təqdimat mərasimi baş tutub. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

   Təqdimat mərasimini giriş sözü ilə açan Balakən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Turan Dibirov Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə bu gün hər kəsin fəxr etdiyini, qürur duyduğunu bildirib.  Müstəqil Azərbaycan dövləti və xalqımız var olduqca şəhidlərimizin də qəlblərdə daim əbədi yaşayacağını qeyd edib. Şəhidlərimizin adlarını yaşatmağın, gələcək nəsillərə örnək və nümunə göstərməyin hər birimizin üzərinə düşən ən əsas iş olduğunu vurğulayıb. T.Dibirov qeyd edib ki, ölkəmizdə Vətən uğrunda şəhid olan hər bir hərbi qulluqçunun adı əziz tutulur, onların xatirəsi əbədiləşdirilir, ailəsi isə dövlət səviyyəsində diqqət və qayğı ilə əhatə olunur.

   Təqdimat mərasimində iştirak edən şəhid valideynləri  qanlı döyüşlərdə qəhrəmancasına şəhid olan övladları, əzizləri barədə yazılan bu kitabın onlar üçün bir təsəlli olduğunu vurğulayıblar.

   Digər çıxış edənlər Vətən uğrunda canından keçən igid oğulların ömür yolunu gələcək nəsillərə tanıtmağın, xatirələrini əziz tutmağın hər bir azərbaycanlının şərəf işi olduğunu diqqətə çatdırıblar. Kitabın ərsəyə gəlməsində gərgin əməyə görə müəlliflərə və  zəhməti olan hər kəsə təşəkkürlərini bildiriblər.

   Təqdimat mərasiminin sonunda kitabın müəllifləri Nəfisət Vahid və Şöyüb Mikayılov onların əməyinə göstərilən diqqətə görə tədbirin iştirakçılarına öz minnətdarlığını bildiriblər.

   “Sizə bir ömür borcluyuq” kitabı şəhid ailələrinə hədiyyə edilib. 

Keçidlər