Şərif kəndində növbəti səyyar görüş keçirilib
29 mart 2024 | 12:23
Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev martın 29-da Şərif kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev səyyar qəbulda çıxış edərək ölkəmizin tərəqqisi və qüdrətlənməsi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işlərdən danışıb. Həmçinin 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin tərkib hissəsi olduğunu vurğulayıb. Eyni zamanda dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən biri hesab olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti 29-cu sessiyasının ölkəmizdə keçirilməsi barədə yekdil qərarın qəbul edilməsinin ölkəmizə beynəlxalq səviyyədə olan hörmət və etimadın göstəricisi olduğu qeyd edib.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Bəşir Qıstarov İnter çayının məcrasının təmizlənməsinə, Paşa Balayev kəndin “Balayevlər oba” adlanan ərazisində artezian quyusunun qazılmasına, Rəcəb Herayev “Ferma oba” adlanan ərazidə aşağı gərginlikli elektrik naqillərinin yenisi ilə əvəz olunmasına, Şəmsəddin Yeznəyev “Qıraq oba” adlanan ərazidə 2.7 km uzunluğundakı yolun, Qaraçayın üzərindəki körpünün və “Məlikovlar oba” adlanan ərazidəki su xətlərinin təmir edilməsinə köməklik göstərilməsini xahiş edib.
Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.