Şərif kəndində növbəti səyyar qəbul keçirilib
19 oktyabr 2023 | 09:18
Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev oktyabrın 19-da Şərif kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev səyyar qəbulda çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açıb, rayonda görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Şəhid atası Şəmsəddin Tuhumov kəndin 120 nəfər sakininin yaşadığı “Bağman bulaq oba” adlanan ərazisində elektrik xətlərin bərpası və dirəklərin dəyişdirilməsinə, Məhəmməd Mustafayev Inter çayda sel suları nəticəsində 25 ailənin istifadəsində olan pay torpağı və fındıq sahələrinin yuyulmasının qarşısının alınması üçün mühafizə tədbirlərinin görülməsinə, Filiyev Şəmsəddin özünə məxsus həyətyanı torpaq sahəsindən keçən yüksək gərginlikli elektrik xətlərinin yerinin dəyişdirilməsinə, Ramazan Teyyubov isə kəndin “Abdullayevlər obası” adlanan 90 nəfər sakinin yaşadığı ərazidə 1 ədəd artezian quyusunun qazılmasına köməklik göstərilməsini xahiş ediblər.
Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.