Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar Gənclər Xidməti Balakəndə

08 oktyabr 2025 | 10:40
“Səyyar Gənclər Xidməti” layihəsi ölkənin müxtəlif regionlarında gənclərə dövlətin təqdim etdiyi imkanları daha əlçatan etmək məqsədilə uğurla davam edir.
Layihə regionlar üzrə gənclərin ictimai fəallığını artırmaq, dövlət siyasətinə dair biliklərini dərinləşdirmək, həmçinin onların fərdi inkişafına dəstək göstərmək istiqamətində mühüm platforma rolunu oynayır.
“Suveren dövlət, vətənpərvər gənclik” devizi altında təşkil olunan layihənin növbəti dayanacağı oktyabrın 6-sı Balakən rayonu olub.
Bu deviz layihənin əsas ideyasını – gənclərin dövlət müstəqilliyinə sadiqlik, milli dəyərlərə bağlılıq və vətənpərvərlik ruhunda formalaşmasını əks etdirir.
Layihənin Balakən şəhər Nizami Gəncəvi adına 1 nömrəli tam ümumtəhsil məktəbinin idman zalında keçirilən açılış mərasimi Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın müdafiəsi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Rəsmi hissədə Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət Rüstəmova və “Gənc Könüllülər” İctimai Birliyinin sədri Ayxan Allahverdiyev çıxış edərək Səyyar Gənclər Xidmətinin region gənclərinə dövlətin yaratdığı imkanları yerindəcə tanıtmaq, onların sosial və şəxsi inkişafa dair biliklərini artırmaq üçün unikal fürsət təqdim etdiyini vurğulayıblar.
Səyyar Gənclər Xidməti çərçivəsində Balakən gənclərinin inkişafına yönəlmiş geniş proqram həyata keçirilib. Təşkil olunan maarifləndirici sessiyalarda gənclərə narkomaniya ilə mübarizə, sağlam həyat tərzinin təşviqi, müasir texnologiyaların rolu, innovativ düşüncə və rəqəmsal savadlılıq mövzularında təqdimatlar keçirilib. Eyni zamanda, “Karyera planlaması və peşə seçimi”, “Könüllülük fəaliyyəti”, “Süni intellekt dövründə yeni bacarıqlar” və “Motivasiya və liderlik” mövzularında interaktiv təlimlər təşkil edilib. Bu təlimlər gənclərin gələcək peşəyönümlü qərarlarına dəstək olmaqla yanaşı, onların sosial bacarıqlarının da inkişafına xidmət edib.
Bununla yanaşı, Vətən müharibəsi iştirakçıları ilə görüşlər gənclər tərəfindən xüsusi maraqla qarşılanıb. Gənclər qəhrəman döyüşçülərin xatirələrini dinləyərək Vətənə sədaqətin əsl nümunələri ilə tanış olublar.
“Vətənpərvər gənclik”, “Yaradıcı gənclik”, “Suveren gənclər”, “Rəqəmsal düşüncə”, “Təhsil və karyera” və “Əyləncə” adlı tematik guşələrdə keçirilən intellektual oyunlar, viktorinalar, debat sessiyaları və master-klaslar gənclərin komanda işi, ünsiyyət, yaradıcılıq və analitik düşünmə bacarıqlarının təkmilləşdirilməsinə şərait yaradıb.
Günün sonunda fəallığı ilə seçilən bir qrup gəncə motivasiyaedici hədiyyələr təqdim olunub.
Səyyar Gənclər Xidməti oktyabrın 10-u Balakəndə işini yekunlaşdıracaqdır.
Keçidlər