“Tikinti qanunvericiliyi, qanunsuz tikintilərlə mübarizə sahəsində qanunvericilikdə edilmiş son dəyişikliklər” mövzusunda məlumatlandırma saatı keçirilib
İyunun 25-də Balakən Rayon İcra Hakimiyyətində rayon icra hakimiyyəti başçısı aparatında və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində çalışan dövlət qulluqçuları üçün “Tikinti qanunvericiliyi, qanunsuz tikintilərlə mübarizə sahəsində qanunvericilikdə edilmiş son dəyişikliklər” mövzusunda məlumatlandırma saatı keçirildi. Məlumatlandırma saaatında son günlərdə tikinti qanunvericiliyi sahəsində yeni qəbul edilən normativ hüquqi aktlar, qanunvericiliyə, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli icra hakimiyyətləri haqqında Əsasnaməyə edilən əlavə və dəyişikliklər barədə ətraflı məlumat verildi.
İştirakçılara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əlavə edilmiş 395.1-1 maddəyə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən, lakin tikinti işlərinin başlanmasına Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan tikinti obyektlərinin tikintisinə görə qanunvericilikdə məsuliyyətin nəzərdə tutulduğu izah edildi, eyni zamanda “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1361 nömrəli Fərmanına edilən əlavələrdən irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədi ilə müvafiq tövsiyə və tapşırıqlar verildi.
Sonda rayon ərazisində yerli səviyyədə dövlət şəhərsalma nəzarətini həyata keçirilməsi, o cümlədən özbaşına tikinti işlərinin qarşısının alınması məqsədilə inzibati ərazi dairələri üzrə rayon icra hakimiyyətinin məsul işçilərinin nəzarət bölgüsü iştirakçıların diqqətinə çatdırılıb.