Tülü kəndində növbəti səyyar görüş keçirilib
Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev noyabrın 17-də Tülü kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Kənd sakinlərini salamlayan Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbədən bəhs edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan quruculuq-abadlıq işləri, həyata keçirilən sosialyönümlü islahatlar, rayonda görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.
Sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Sevil Puçaxova kəndin 80 nəfər sakininin yaşadığı “Akkubaylar binə” adlanan əraziyə gedən yol yaxınlığında qazılmış artezian quyusuna su çəninin yerləşdiriməsinə, Ayşə Həbilova 130 nəfər sakinin yaşadığı “Dibirlər oba” adlanan ərazidə 1 km uzunluğunda yolun təmir olunmasına, həmçinin həmin ərazidə xüsusi mülkiyyət olan torpaq sahəsində yerləşən elektrik transformatorunun yerinin dəyişdirilməsinə, Nəsib Cumayev kəndin qəbiristanlığının qarşısında yerləşən yüksək gərginlikli elektrik veriliş xətlərini saxlayan dayaqların yenisi ilə əvəz edilməsinə köməklik göstərilməsini xahiş ediblər.
Vətəndaşların müraciətləri nəzarətə götürülüb. Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib, bəzi müraciətlər aidiyyəti orqanlara göndərilməsi üçün qeydiyyata alınıb.