Turizmin inkişafına dəstək göstərilməsi məqsədilə sahibkarlarla görüş keçirilib
14 sentyabr 2022- ci il tarixdə Balakən Rayon İcra Hakimiyyətinin və Şəki Destinasiya Menecmenti Təşkilatının birgə təşkilatçılığı ilə Balakən “ABAD Mərkəzi”nin inzibati binasında rayonda fəaliyyət göstərən turizm və istirahət obyektlərinin rəhbərlərinin iştirakı ilə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan Balakən Rayon İcra Hakimiyyətinin İctimai–siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Aqil Bağırov turizmin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edərək bu gün ölkəmizdə turizmin sürətlə inkişaf etdiyini vurğulayıb. O,tədbirin əsas məqsədinin əlverişli coğrafi mövqeyi, iqlimi, mədəni-tarixi irsi, qonaqpərvərliyi, gözəl təbiəti ilə seçilən Balakən rayonunun turizm potensialının geniş təbliğinə, həmçinin bu sahədə fəaliyyət göstərən sahibkarların maarifləndirilməsinə və mövcud obyektlərin turizm marşurutlarını əks etdirən xəritələrə daxil edilməsinə dəstək vermək olduğunu diqqətə çatdırıb.
Daha sonra çıxış edən Şəki Destinasiya Menecmenti Təşkilatının direktoru Səbinə Yadullayeva Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən Şəki Destinasiya Menecmenti Təşkilatının Şəki, Qax, Zaqatala və Balakən rayonlarındakı turizm-rekreasiya zonalarının idarə edilməsi və təşviqi üzrə ölkədə yaradılan ilk təşkilat olduğunu bildirib. Qeyd edib ki, təşkilatın fəaliyyət istiqamətlərinə turizm sektorunda kadr resurslarının inkişafı, yeni turizm gəlir mənbələrinin tapılması, həmçinin turizm məhsullarının marketinqi məsələləri daxildir. Rayonda fəaliyyət göstərən hotel, qonaq evləri, restoranlar və istirahət mərkəzlərinin "Google" axtarış sisteminin xəritəsinə ("Google Map") daxil edilməsi vacibdir. Şəki Destinasiya Menecmenti Təşkilatı bu sahədə sahibkarlara dəstək göstərə, o cümlədən infoturların təşkilinə köməklik edə bilər.
Tədbirin sonunda iştirakçılara Şəki Destinasiya Menecmenti Təşkilatı tərəfindən hazırlanmış Şəki-Balakən regionunun turizm xəritələri paylanılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb.