Tütünçülük Balakəndə qədim və ənənəvi kənd təsərrüfatı sahələrindən biridir
29 sentyabr 2026 | 15:00
Balakən rayonunda aqrar sahənin ənənəvi və gəlirli istiqamətlərindən biri olan tütünçülük sahəsinin inkişafı diqqətdə saxlanılır. “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonda bu sahənin potensialından daha səmərəli istifadə olunur. Tütünçülük sahəsi əhalinin məşğulluğuna, ailə büdcəsinin formalaşmasına müsbət təsir etməklə, ixrac məhsulu olaraq ölkəyə valyuta gəlməsində də xüsusi əhəmiyyət kəsb edir.
Məhz dövlət dəstəyi sayəsində 2018-ci ildə “Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən Balakən rayonunda müasir standartlara cavab verən Balakən Tütün İstehsalı və Emalı məntəqəsi yaradılıb. Qısa müddətdə inşa olunan müəssisə 15 iyul 2018-ci il tarixindən fəaliyyətə başlayaraq bölgədə tütünçülüyün inkişafına mühüm töhfələr verməyə başlayıb. Məntəqədə Balakən rayonunda, eləcə də zərurət yarandıqda Zaqatala rayonunun yaxın ərazilərində istehsal olunan yaş tütün qəbul edilərək emal olunur.
Sentyabrın 29-da Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev müəssisədə olub, kollektivlə görüş keçirib. Rayon rəhbəri burada yaradılmış iş şəraiti, tütünün qəbulu, emalı və çeşidlənməsi prosesi, eləcə də məhsulun saxlanılması imkanları ilə yaxından tanış olub.
Görüş zamanı müəssisənin fəaliyyəti və rayonda tütünçülüyün gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. İcra başçısı əmək bazarından səmərəli istifadə olunması, istehsalın keyfiyyətinin daha da yüksəldilməsi və sahənin dayanıqlı inkişafının təmin edilməsi istiqamətində öz tövsiyələrini verib.
Qeyd edək ki, cari ildə fermerlərdən qəbul edilən tütün məhsulunun 70 faizi birinci növə aid olub ki, bu da məhsulun yüksək keyfiyyət göstəricilərindən xəbər verir. Emal edilən quru tütün məhsulları növündən asılı olaraq kiloqramı 2,5-5 ABŞ dolları arasında qiymətlərlə Rusiya və İtaliya bazarlarına ixrac olunur.
Balakən Tütün İstehsalı və Emalı Məntəqəsi kənd təsərrüfatının inkişafı ilə yanaşı, yeni iş yerlərinin yaradılmasına, əhalinin məşğulluğunun artırılmasına və rayon iqtisadiyyatının güclənməsinə öz töhfəsini verir. Bu gün tütünçülük Balakənin iqtisadi həyatında mühüm yer tutur və gələcəkdə də rayonun sosial-iqtisadi inkişafının aparıcı sahələrindən biri olaraq qalacağı gözlənilir.






