Valideynlərlə “Sağlam gələcəyin təməli” adlı maarifləndirmə tədbiri keçirilib
19 aprel 2024 | 18:01
19 aprel 2024-cü il tarixdə Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nizami adına şəhər 1 saylı tam orta məktəbində “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində xüsusi həssas əhali qruplarının sağlam qidalanmasının təmin edilməsi istiqamətində “Sağlam gələcəyin təməli” adlı maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Balakən RİHB Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Aynur Omarova, Balakən RİHB Aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Kamal Abdullayev, Balakən Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Elnarə Mustafayeva, Balakən Mərkəzi Rayon Xəstəxanasının həkimi Nüriyyə Bazarova, AQTA-nın Şəki-Zaqatala Regional Bölməsinin aparıcı məsləhətçisi Sevda Hüseynova və valideynlər iştirak etmişdir.
Çıxışlar zamanı sağlam qidalanma prinsiplərinə riayət etməyin sağlam həyat tərzinin mühüm tərkib hissəsi olması, qəbul etdiyimiz qidaların sağlamlığımıza böyük təsir göstərməsi, xüsusilə, fiziki aktivliklə birləşən sağlam qidalanmanın orqanizmə müsbət təsiri kimi məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Qeyd edilib ki, düzgün qidalanma sağlamlığın əsas şərtlərindən biridir. Bu şərtə əməl edilməyəndə orqanizmdə maddələr mübadiləsi pozulur və xəstəliklərin əksəriyyəti bu səbəbdən yaranır. Bu gün dünyanın bütün sivil ölkələrində olduğu kimi, Azərbaycanda da qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində istehsalın bütün mərhələlərinə nəzarət həyata keçirilir. Bu baxımdan sağlam nəslin düzgün formalaşması üçün onların necə qidalanması məsələsi gündəmə gəlir. Düzgün qidalanma həyat keyfiyyətini – sağlamlığı, əhval-ruhiyyəni, əmək qabiliyyətini, maddələr mübadiləsini, bu və ya digər orqan və sistemlərin dolğun fəaliyyətini təmin edir, bir sıra qeyri-infeksion xəstəliklərin və halların qarşısını almağa imkan yaradır.
Xüsusi həssas əhali qruplarının sağlam qidalanmasının təmin edilməsi məqsədilə valideynlərə tədbir müddətində körpə və məktəbyaşlı uşaqların qidalanması, fiziki aktivliyinə və sağlam böyüməyə nəzarət kimi məqamların vacibliyi barədə mütəxəssislər tərəfindən ətraflı məlumatlar verilib.
Tədbir valideynlər tərəfindən maraqla qarşılanaraq diskussiya şəklində davam edib və iştirakçıları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.