Vətən müharibəsi qazisi yüksək vəzifəyə təyin olunub
Vətən Müharibəsi qazisi Muradov Hacı Əli oğlu Balakən Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi vəzifəsinə təyin olunub.
Hacı Muradov 1989-cu ildə Balakən rayonunun Qazma kəndində anadan olub, “Tarix” ixtisası üzrə Azərbaycan Universitetini bakalavr, Bakı Dövlət Universitetini isə magistr dərəcəsi ilə bitirib. 2017-2021-ci illərdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində zabit kimi xidmət edib. Vətən müharibəsi zamanı baş leytenant rütbəsində Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə iştirak edib və ağır yaralanıb.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə Muradov Hacı Əli oğlu “Kəlbəcərin azad olunmasına görə”, I dərəcə “Hərbi xidmətlərə görə” medalları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə, həmçinin “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif olunub.
Balakən Rayon İcra Hakimiyyətinin kollektivi adından Hacı Muradovu yeni vəzifəyə təyin edilməsi münasibəti ilə təbrik edir, möhkəm can sağlığı və gələcək fəaliyyətində uğurlar arzulayırıq.
Rayonda dövlət işlərində gənclərə üstünlük verilməsi və Vətən Müharibəsi iştirakçılarına yüksək etimad göstərilməsi dövlətin qayğı və diqqətinin nəticəsidir.